“Azov” döyüşçülərinin Mariupoldan təxliyəsi üçün Türkiyədən kömək istənildi

 18:07 04.05.2022     189

Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin binası qarşısında aksiya keçirilib.

Redaktor.az xəbər verir ki, Ukrayna və Gürcüstan vətəndaşları olan aksiyaçılar Türkiyədən Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunda sağ qalmış “Azov” alayının döyüşçülərinin təxliyəsinə kömək istəyiblər.

Ukrayna bayraqlarına bürünmüş aksiya iştirakçıları “Mariupol Ukraynadır”, “Ukrayna, möhkəm ol”, “Mariupolu xilas et” və digər şüarların yazıldığı plakatlar tutublar və Ukrayna himnini oxuyublar.

Aksiyaçılar bildiriblər ki, “Azovstal”dan mülki şəxslərin təxliyəsinə başlanılsa də, döyüşçülər hələ də ağır vəziyyətdə orada qalırlar. Onların sözlərinə görə, “Azov” döyüşçülərini təxliyə edə biləcək yeganə ölkə Türkiyədir. Türkiyə səfirliyi vasitəsilə Ankaradan təxliyəyə və döyüşçülərin xilasına vasitəçilik etməsi xahiş olunub.

Xatırladaq ki, Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Hazırda zavodun ərazisinə minlərlə dinc sakin sığınıb. Oranın müdafiəsində Ukraynanın “Azov” alayı durur.

“Azovstal”dan dinc sakinlərin təxliyəsinə mayın 1-dən başlanılıb. Zavoddan 100-dən çox mülki şəxsin təxliyə olunduğu bildirilir. Zavod ərazisində hazırda ağır döyüşlərin getdiyi barədə məlumatlar yayılıb (report).