Rusiya-Ukrayna müharibəsinə yeni ölkə qoşulur?

Belarus Müdafiə Nazirliyi ötən gün silahlı qüvvələrin döyüş hazırlığını yoxlamaq məqsədilə genişmiqyaslı təlimlərə başlayıb.
Redaktor.az xəbər verir ki, Belarus tərəfi təlimin qonşu ölkələri və Avropa cəmiyyətini təhdid etmədiyini bildirib. Kiyev isə Belarus ordusunun qəfil təlimə başlamasından sonra narahatlığını gizlətməyib.
Ukrayna Dövlət Sərhəd Təşkilatının sözçüsü Andriy Demçenko Belarusun Rusiya tərəfində müharibəyə qoşulacağını istisna etməyib. O, Ukraynanın bu vəziyyətə hazır olduğunu bildirib:
“Rusiya Federasiyasının Belarus torpaqlarından və Belarus Silahlı Qüvvələrindən bəzi hallarda Ukraynaya qarşı istifadə edə biləcəyini gözardı etmirik. Ona görə də buna hazırıq”.
Belarus Orezidenti Aleksandr Lukaşenko dünən Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və iki lider Ukraynadakı son vəziyyəti müzakirə ediblər.
Ümumilikdə isə Belarus Rusiyanın Ukraynaya hücumlarını “hərbi əməliyyat” kimi qiymətləndirərək Moskvanın tərəfini saxlayır, bu ölkənin ən fəal dəstəkçisi rolunda çıxış edir. Bu mənada müharibənin növbəti günlərində Belarus qoşunlarının Ukrayna əleyhinə hərbi əməliyyatlara qoşulması gözləntilər sırasındadır. Belarus rəhbərliyi dəfələrlə çıxışlarında, istənilən situasiyada Rusiyanın yanında olduqlarını bəyan etməklə, bu iddiaların reallığını təsdiqləyiblər (modern.az).