Generallar saxta məlumatlarla Putini ALDADIRLAR

 15:07 05.05.2022     196

Rusiya ordusunun qərargah zabirləri ali rəhbərliyə, o cümlədən prezident Vladimir Putinə Ukraynadakı müharibənin gedişi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar təqdim edir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən Kanal 24 məlumat yayıb.

Məlumata görə, Putinə Ukraynada rus hərbçilərin hətta gedib çatmadığı yaşayış məntəqələrini belə ələ keçirdiyini söyləyirlər.
Nəticədə rusların Ukraynadakı “uğurları” ilə bağlı saxta xəbərlər hərbçilərin kütləvi ölümünə və Putinin qarşıya qoyduğu vəzifələrin iflasa uğramasına səbəb olur.

Qeyd edilir ki, reallığın təhrif olunması səbəbindən Rusiya ordusunun rəhbərləri cəbhə xəttində hansı qüvvə və vasitələrin gerçək, hansının isə yalnız kağız üzərində mövcud olduğunu başa düşə bilmirlər.

Bu faktların bəziləri Rusiya Federasiyasının ali rəhbərliyinə məlum olduğundan bir sıra generallar cəzalandırılıb.

"Yüksək səviyyədə aparılan yoxlamaların birində Rusiya Müdafiə Nazirliyinin rəsmiləri apreldə iki generalın Nikolaev və Krivoy Roq istiqamətinə natamam döyüşçülərdən ibarət bölmələr göndərdiyini öyrəndikdə təəccübləniblər. Generallar tutduqları vəzifələrdən uzaqlaşdırılıb, hətta qısa müddətə həbsdə saxlanılıblar”, - məlumatda deyilir.

“Məhz saxta hesabatlar əsasında Kreml axmaq əmrlər verir. Müvafiq hesabatları yazan və təqribən real məlumatlara sahib olan qərargah zabitləri öz aralarında deyirlər ki, Rusiyanın guya “ələ keçirdiyi” yaşayış məntəqələri arasında ordunun top atəşinə belə yaxınlaşa bilmədiyi şəhərlər var”.