Kraliça hərəkət etməkdə çətinlik çəkir

 09:12 06.05.2022     136

Böyük Britaniya Kraliçası II Elizabet bu yay təşkil ediləcək bağ şənliklərinə qatıla bilməyəcək.

Redaktor.az xəbər verir ki, Bukingem Sarayı tərəfindən verilən açıqlamada 96 yaşlı kraliçanın hərəkət etməkdə çətinlik çəkdiyi üçün hər yay təşkil edilən bağ şənliklərinə bu dəfə qatıla bilməyəcəyi bildirilib.

Gələn həftədən başlayacaq şənliklərə kral ailəsinin digər üzvlərinin ev sahibliyi edəcəyi açıqlanıb. Lakin onu hansı kral ailəsi üzvlərinin əvəzləyəcəyi bəlli deyil.

Kraliçanın taxta çıxmasının 70-ci ildönümünü qeyd edən “Platin Yubileyi” tədbirləri çərçivəsində ilk bağ şənliyi gələn çərşənbə günü Bukingem sarayında keçiriləcək. Daha sonra18-25 may və 29 iyun tarixlərində onun Şotlandiyanın Edinburq şəhərindəki rəsmi sarayı olan Holirudhausda dəvətlər keçiriləcək.

Qeyd edək ki, pandemiyadan əvvəlki dövrdə Bukingem Sarayına və Holirudhaus Sarayına ildə 30 mindən çox insan dəvət olunurdu. Bu dəvətnamələr kral nümayəndələri, hökumət idarələri, silahlı qüvvələr və dini qruplar tərəfindən irəli sürülmüş şəxslərin cəmiyyətə göstərdiyi xidməti tanıtmaq və həmin şəxsləri mükafatlandırmaq üçün istifadə edilib.