Dünyanın diqqəti Moskvada – Putinin qərarı nə olacaq?

 14:57 08.05.2022     3995

Dünya Rusiya lideri Vladimir Putinin 9 May - Qələbə Günündə hansı qərarı elan edəcəyini səbirsizliklə gözləyir. Belə bir vaxtda Moskvada hərbi paradın son məşqləri keçirilir. 

Redaktor.az xəbər verir ki, son məşqlər zamanı hərbi təyyarələr Rusiya bayrağının rənglərində uçuş nümayiş etdirərkən, Moskva rəhbərliyi minlərlə əsgəri və qitələrarası ballistik raketləri ilə dünyaya gücünü göstərir.

Prezident Vladimir Putinin çıxışı ilə başlayacaq mərasimdə Rusiyanın ilk dəfə olaraq ən son model qitələrarası hipersəs 'Sarmat' raketini nümayiş etdirəcəyi gözlənilir. Ukrayna müharibəsində cəbhədə istifadə ediləcəyi düşünülən T-80 tankları, "Koalitsia-SV" topları və termobarik "TOS-1" raket sistemi ilə qısa mənzilli hava hücumundan müdafiə silahı '"Pantser-S" paradda görünməyəcək.

 

Bəzi siyasi müşahidəçilər Rusiya lideri Putinin Ukraynaya rəsmən müharibə və ölkədə səfərbərlik elan edəcəyini iddia etsə də, digərləri onun 9 may nitqində müharibəyə son qoymaq üçün addım ata biləcəyini düşür.

Qeyd edək ki, bu il alman faşizmi üzərində qələbədən 77 il ötür. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə hərbi parad Qırmızı Meydanda təşkil olunacaq. 
Bu il Moskvaya paradda iştirak etmək üçün xarici ölkələrin liderləri çağırılmayıb. Rusiyanın bu addımı Ukraynada davam edən müharibə ilə əlaqələndirilir (modern.az).