Ukraynanın bütün işğalının planı ƏLƏ KEÇDİ

 20:44 11.05.2022     506

Rusiya Federasiyası bütün Ukraynanı ələ keçirməyə hazırlaşırmış. Bu barədə Dövlət İstintaq Bürosunun müstəntiqlərinin Sumı vilayətində tapdığı rusiyalı hərbçilərə məxsus sənədlərdən məlum olub.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna hüquq mühafizə orqanın yaydığı məlumata görə, Trostyanets şəhərində rusiyalı hərbçilər tərəfindən faktiki dağıdılmış şəhərin 2 min hektardan çox ərazisinə baxış keçirilib, Rusiya hərbçilərinin şəxsi əşyaları və sənədləri müsadirə edilib. Onların arasında bütün Ukraynanın işğalı ilə bağlı planlar da olub.

Dövlət İstintaq Bürosu onu da bildirib ki, istintaq hərəkətləri zamanı rusiyalı hərbçilərin mülki şəxslərə işgəncə verdiyi yerlər müəyyən edilib, sakinlərin qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə bağlı ən azı 34 fakt qeydə alınıb.

Hadisə yerindən dəyənəklər, əl qandalları, metal sancaqlar və zərərçəkmişlərin qan izləri olan paltarları aşkar edilib. Bundan başqa ərazidən ikisi uşaq olmaqla 23 nəfərin cəsədi eksqumasiya edilib.