Rusiya qoşunları Xarkovdan ÇIXARILDI

Rusiya ağır itkilərdən sonra qüvvələrini yenidən təşkil etmək və artırmaq üçün Xarkov vilayətindən hərbi hissələrini çıxarır.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.
"Ukrayna qüvvələri Xarkovdan şimalda əks-hücumlarını davam etdirir, Rusiya sərhədinə doğru bir neçə şəhər və kəndi geri alır. Rusiyanın Donbassdakı əməliyyatlarının prioriteti Xarkov vilayətində yerləşən bölmələri mobil və yüksək motivasiyalı Ukrayna əks-hücum qüvvələrinə qarşı həssas edib", - məlumatda deyilir.
Münaqişənin ilkin mərhələlərində Rusiyanın Xarkovu mühasirəyə almaqda uğur qazanmasına baxmayaraq, böyük itkilərdən sonra qüvvələrini yenidən təşkil etmək və artırmaq üçün bölmələrini bölgədən çıxardığı bildirilir.
Britaniya kəşfiyyat xidmətlərinin məlumatına görə, Xarkov vilayətindən çıxarılan qüvvələr gücləndirildikdən sonra Severski Donets çayının şərq sahilinə yerləşdiriləcək və əsas rus qoşunlarının cəmləşməsinin qərb cinahını qorumaq üçün bloklayıcı qüvvə təşkil edəcək.
“Rusiya qoşunlarının Xarkov vilayətindən çıxarılması Rusiyanın əhalinin müqavimətinin məhdudlaşdırılacağı gözlənilən Ukraynanın əsas şəhərlərini ələ keçirə bilməməsinin üstüörtülü etirafıdır”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl kəşfiyyat məlumat yayıb ki, Rusiya Qara dənizdə ələ keçirilən Zmeiny adasında qarnizonunu gücləndirmək səylərini davam etdirir.
T.İSMAYIL