Putin Qərbə XƏBƏRDARLIQ ETDİ

 17:02 12.05.2022     172

Qərbin sanksiyalara aludəçiliyinin davam etməsi qaçılmaz olaraq ən mürəkkəb, geri qaytarılması çətin nəticələrə gətirib çıxaracaq.

Redaktor.az xəbər verir ki, bunu cümə axşamı Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlər üzrə müşavirədə deyib.

“Aydındır ki, obyektiv iqtisadi qanunlara görə, sanksiya vəsvəsəsinin davam etməsi, əgər belə deyə bilərəmsə, istər-istəməz Avropa İttifaqı, onun vətəndaşları, eləcə də dünyanın ən kasıb ölkələri üçün ən mürəkkəb, həlledilməz nəticələrə gətirib çıxaracaq. Onsuz da dünya aclıq riski ilə üz-üzədir”, - Putin bildirib.

O vurğulayıb ki, “bunun günahı tamamilə Qərb ölkələrinin elitasındadır, onlar qlobal hökmranlıqlarını saxlamaq üçün dünyanın qalan hissəsini də qurban verməyə hazırdırlar”.

Putin vurğulayıb ki, Rusiya Qərb sanksiyalarının doğurduğu xarici çağırışların öhdəsindən gəlir.

"İnflyasiya tədricən azalır, son bir ayda onun tempi mart ayı ilə müqayisədə bir neçə dəfə azalıb. Artıq həftəlik qiymət artımı 0,1 faizə düşüb - bu, artıq Rusiya Bankının inflyasiya hədəfinə uyğun gələn həftəlik artım tempinə yaxındır”, - Rusiya prezidenti vurğulayıb.

Putin deyib ki, bu il rublun məzənnəsi dünyanın bütün valyutaları arasında ən yaxşı dinamikanı nümayiş etdirir.

Rusiya fevralın 24-də Ukraynada müharibəyə başlayıb.

Buna cavab olaraq Qərb ölkələri bir sıra anti-Rusiya sanksiyaları tətbiq edib. Bir çox xarici şirkətlər Rusiya Federasiyasında fəaliyyətini dayandırıb.