Almaniya Ukraynaya müdafiə sistemləri VERƏCƏK
Almaniya Ukraynanı IRIS-T hava hücumundan müdafiə sistemi ilə təmin edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.
Kansler qeyd olunan sistemlərin konkret hansı növünün göndəriləcəyi barədə məlumat verməyib. Bundan əvvəl Almaniyanın "Bild" qəzeti yazıb ki, rəsmi Berlin Ukraynaya IRIS-T SLM adlı orta mənzilli hava hücumundan müdafiə sistemləri göndərməyi düşünür.
Nəşrin məlumatına görə, Almaniyanın "Diehl Defence" şirkəti tərəfindən hazırlanan IRIS-T SLM sistemləri noyabr ayından Ukraynada yerləşdirilə bilər. Ukrayna yaxın 3-4 il ərzində istehsal oluna biləcək 10 IRIS-T SLM sistemi almaqda maraqlıdır. Sistem 40 kilometr məsafədən döyüş təyyarələrini, helikopterləri və ya raketləri vura bilir.
Şolts bildirib ki, Almaniya fevralın 24-dən sonra Ukraynaya 15 milyondan çox patron, 100 000 qumbara və 5 000-dən çox tank əleyhinə mina göndərib.












