Bayden Zelenskini qınadı: “O, bizi eşitmək istəmədi”

 13:35 11.06.2022     264

"Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın yaxınlaşan genişmiqyaslı işğalı ilə bağlı xəbərdarlıqları eşitmək istəmədi. Halbuki, Vaşinqtonda Rusiya prezidenti Vladimir Putinin sərhədi keçəcəyinə şübhə yox idi".

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

"Bilirəm ki, bir çox insanlar mənim məsələni şişirtdiyimi düşünürlər", - deyə Bayden Rusiyanın hücum ehtimalı ilə bağlı xəbərdarlığını xatırladarkən söyləyib.

"Mən bilirdim ki, əlimizdə onun (Rusiya prezidenti Vladimir Putinin - red.) sərhədi keçməyə hazırlaşdığını təsdiqləyən məlumatlar var. Şübhə yox idi. Zelenski isə bunu eşitmək istəmirdi", - ABŞ prezidenti deyib.

Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov Baydenin bəyanatını şərh edərək qeyd edib ki, Volodimir Zelenski Rusiyaya genişmiqyaslı işğaldan əvvəl Moskvaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi xahiş edib, lakin tərəfdaşlar bunu eşitmək istəməyiblər.

Onun sözlərinə görə, həmin müddət ərzində Ukrayna prezidentinin Co Baydenlə üç-dörd telefon danışığı olub, onlar fikir mübadiləsi aparıblar və vəziyyətlə bağlı ətraflı qiymətlər veriblər.

"Ona görə də, "eşitmək istəməyib" ifadəsinə aydınlıq gətirilməlidir. Bundan əlavə, xatırlayırsınızsa, Ukrayna prezidenti Rusiyanı qoşunlarını çıxarmağa və gərginliyi azaltmağa təşviq etmək üçün tərəfdaşları qabaqlayıcı sanksiyalar paketi tətbiq etməyə çağırıb. Və burada artıq deyə bilərik ki, tərəfdaşlarımız bizi eşitmək istəməyiblər”, - Sergey Nikiforov bildirib.