Rusiya Severski Donets çayını keçməkdə çətinlik çəkir - Britaniya kəşfiyyatı

 10:22 13.06.2022     187

Həftəsonu Severodonetsk ətrafında döyüşlər intensivləşməkdə davam edib. Qarşıdakı aylarda çay keçmə əməliyyatları, ehtimal ki, müharibənin gedişində ən mühüm müəyyənedici amillərdən biri olacaq.

Redaktor.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiyanın Donbasdakı cəbhə xəttinin 90 km uzunluğundakı mərkəzi sektoru Severski Donets çayının qərbində yerləşir.

Əlavə olunub ki, Rusiya Donbasa hücumunun hazırkı əməliyyat mərhələsində uğur qazanmaq məqsədilə ya cinahlarda iddialı əməliyyatlarını tamamlamalı, ya da çay keçmə hücumu həyata keçirməli olacaq.

Vurğulanıb ki, Ukrayna qüvvələri geri çəkilməzdən əvvəl körpüləri dağıtmağa müvəffəq olub, Rusiya isə atəş altında uğurlu, genişmiqyaslı çay keçmə əməliyyatı həyata keçirmək üçün lazım olan kompleks koordinasiyanı qurmaqda çətinlik çəkib.