Putinin müharibənin davamı ilə bağlı 3 ssenarisi var - ABŞ kəşfiyyatı

 10:17 15.06.2022     391

İyunun ortalarına olan məlumata görə, Rusiyanın Ukraynaya müdaxiləsi əsas məqama çatıb və Kreml tərəfindən müharibənin bundan sonrakı davamı üç ssenari üzrə inkişaf edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ım kəşfiyyat analitiklərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ rəhbərliyi Rusiya lideri Putinin Ukrayna ərazisinin ələ keçirilən hissəsindən gələcək irəliləyiş üçün tramplin kimi istifadə edə biləcəyindən ehtiyatlanır.

Kəşfiyyat iddia edir ki, Rusiya quru qoşunlarının üçdə birinə qədər itki verib. Qeyd edilir ki, Rusiya qüvvələri Putin üçün “siyasi cəhətdən təhlükəli addım” sayılan ümumi səfərbərlik olmadan yeni nailiyyətlər qazanmağa çalışacaq.

İddialara görə, Kremldə hazırda üç mümkün ssenari nəzərdən keçirilir:

1- ssenari: Rusiya Donbasda kiçik irəliləyişlər qazanmağa davam edə bilər. Bu, artilleriya və şəxsi heyətin sayının üstünlüyünə görə bəlkə də yavaş irəliləyiş deməkdir.

2-ci ssenari: Cəbhə uzun müddətə dayanıb hərəkətsiz qala bilər. Bu, hər iki tərəf üçün böyük itkilərə səbəb olacaq və Qərb üçün dünya iqtisadiyyatının tükənməsi səbəbindən böhranın kəskinləşməsi təhlükəsini xeyli artıracaq.

3-cü ssenari: Bu ssenari qeyri-mümkün hesab olunur. Söhbət ondan gedir ki, Putin işğalın yaxın vəzifələrini yenidən nəzərdən keçirmək qərarına gəlir, “qələbə” elan edir və hərbi əməliyyatları minimuma endirməyə çalışır.

Ukraynanın hələ Donbasda genişmiqyaslı əks-hücum üçün kifayət qədər resursu olmadığı üçün bu cəbhədə hərbi əməliyyatların aparılması təşəbbüsü Rusiyada qalır və ssenari seçimini Kreml edir.

Xatırladaq ki, 9 may 2022-ci il tarixində ABŞ prezidenti Co Bayden Ukrayna üçün “Lend-lize” aktını imzalayıb.

Ekspertlər əmindirlər ki, Ukraynanın alacağı “Lend-lize” silahları qüvvələr balansını kökündən dəyişəcək. Ona görə də indi Moskva fürsətdən istifadə edərək Donbasda daha da çox əraziləri ələ keçirməyə çalışır.

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 15-də bildirib ki, Ukraynanın daha çox ağır silahlar alması lazımdır.