“Ukraynalıların ölümünə görə cavabdehsiniz!” - Almaniya kanslerinə ismarıc

"Almaniya kansleri Olaf Şols Ukraynaya vəd etdiyi ağır silahları gecikdirdiyi üçün ölən hər ukraynalılara görə məsuliyyət daşıyır".
Redaktor.az xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç deyib.
O, qeyd edib ki, Ukraynaya Almaniyadan uzaq mənzilli artilleriya, reaktiv silahlar, tanklar, zirehli transportyorlar və pilotsuz təyyarələr lazımdır.
"Əgər gücümüz çatsa, müharibədə qalib gələcəyik. Qərb bizə 120 uzaqmənzilli artilleriya silahı verəndə cəbhədəki vəziyyət dərhal dəyişdi. Üç gün ərzində ruslar hücum sürətini itirdilər", - Aretoviç bildirib.
O xatırladıb ki, Almaniya Ukraynaya 88 Leopard tankı, 50 Gepard özüyeriyən zenit silahı vəd edib.
"Bu, Ukrayna ordusundakı iki briqada üçün kifayət edərdi. İndi cəbhə xəttində hardasa iki briqadamız olsaydı, Xersonu geri ala, ya da düşməni Popasna və Severodonetskdən uzaqlaşdıra bilərdik. Bu gün iki briqada böyük qüvvədir".
Şolsla görüşsə nə deyəcəyini soruşduqda, Arestoviç belə cavab verib: “Cənab Şols, ölən əsgərlərimizə və mülki vətəndaşlarımıza görə siz cavabdehsiniz, biz hər gün 100 əsgər itiririk, çünki siz bizə ağır silahları vermirsiniz. Ukrayna ordusu güclüdür, biz rusları məğlub edib, onları ölkəmizdən çıxara bilərdik, amma bizə silah lazımdır”.
Xatırladaq ki, iyunun 11-də mediada Almaniya kansleri Olaf Şolsun Rusiya Federasiyasına genişmiqyaslı işğalı başlayandan bəri Kiyevə ilk səfərini planlaşdırdığı barədə məlumatlar yayıldı.
Şols dəfələrlə Ukraynaya silah tədarükünü gecikdirməkdə ittiham olunub. Onun özü isə hesab edir ki, Almaniya Ukraynaya hamıdan daha çox kömək edir.
Eyni zamanda, Şolsun Ukraynadakı müharibə ilə bağlı qeyri-müəyyən mövqeyi prezident Vladimir Zelenskini də hiddətləndirib. O hesab edir ki, Almaniya kanslerinin nəhayət qərar verməsinin vaxtı çatıb.
14 iyunda Şols Almaniyanın Ukraynaya hərbi yardımı genişləndirəcəyini və əlavə silahlar verəcəyini vəd edib. Müasir hava hücumundan müdafiə sistemləri və artilleriya əleyhinə radarların tədarükü planlaşdırılır.