Kuleba Rusiyaya tətbiq edilən viza rejimindən DANIŞDI

 17:48 17.06.2022     510

Rusiya Federasiyası ilə viza rejiminin tətbiqi Ukraynanın milli təhlükəsizliyini qoruyacaq düşünülmüş addımdır.

Redaktor.az Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Dmitri Kuleba deyib.

"Ukrayna Xarici İşlər Nazirliyi təcavüzün əvvəlindən Rusiya Federasiyası ilə viza rejiminin tətbiqinin tərəfdarı idi. Belə bir qərarın vaxtı çatıb. Bu, ölkənin milli təhlükəsizliyini qoruyacaq yaxşı düşünülmüş addımdır. Ruslarla viza rejimi ilə bağlı qərarın Avropa Komissiyasının Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrini elan etməsi ilə üst-üstə düşməsi simvolikdir. Dövlətimizin hərəkət istiqaməti göz qabağındadır" - Kuleba bildirib.

Nazirin sözlərinə görə, Rusiya Federasiyası üçün viza rejiminin tətbiqi Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına və orada qalmasına nəzarəti gücləndirəcək.

"Biz aydın şəkildə başa düşməliyik ki, bizə kim, haradan və hansı məqsədlə gəlir. Viza rejimi Ukraynadan uzaqda milli təhlükəsizliyi təhdid edən şəxsləri müəyyən etməyə kömək edəcək", - deyə Ukrayna diplomatiyasının rəhbəri fikrini yekunlaşdırıb.

UNİAN-ın xəbərinə görə, bu gün, iyunun 17-də Prezident Vladimir Zelenski Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukraynaya girişi rejiminə yenidən baxılması məsələsini hazırlamağı təklif edib.

Söhbət “Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında Ukrayna və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında sazişə xitam verilməsi və Ukrayna ilə Rusiya Federasiyası arasında bəzi beynəlxalq müqavilələrin tətbiqi haqqında” qərarın təsdiqindən gedir.

Nazirlər Kabineti iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi ilə bağlı prezidentin təklifini dəstəkləyib.

T.İSMAYIL