“Suriyada hərbi əməliyyatlar hər an başlaya bilər” - Ərdoğan

 18:27 01.07.2022     342

“Suriyanın şimalında yeni hərbi əməliyyatı hər an başlaya bilər”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammitindən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

"Mən həmişə deyirəm ki, istənilən vaxtı başlaya bilərik. Narahat olmamalı və tələsməməliyik, xüsusən də ərazidə işləyirik. Ümid edirəm ki, zamanı gələndə əməliyyata başlayacağıq", - dövlət başçısı qeyd edib.

Türkiyə hakimiyyəti daha əvvəl Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyata tam hazır olduğunu bildirmişdi. Ərdoğanın sözlərinə görə, Suriyada planlaşdırılan əməliyyatın əsas məqsədi 2019-cu ilin oktyabrında “Sülh bulağı” əməliyyatından sonra yaradılmış 30 kilometrlik təhlükəsizlik zonasını genişləndirməkdir.

Türk mediası əməliyyatda 50 min türk əsgərinin və Ankaranın nəzarətində olan Azad Suriya Ordusunun 5 min döyüşçünün iştirak edəcəyini bildirib. Qeyd edildiyi kimi, əməliyyat Türkiyəyə Yaxın Şərq ölkəsi ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarət etməyə və qonşu ərazidən gələn terror təhlükələrini minimuma endirməyə imkan verəcək.

Nərmin Vüqarqızı