“Ermənistan iki ölkə arasında sərhədi açmağa hazırdır” - Mirzoyan
“Ermənistan rəhbərliyi dəfələrlə bəyan edib və bu, hökumət proqramında da göstərilir ki, ölkə Türkiyə ilə diplomatik əlaqələr qurmağa və Ankaranın hələ 1993-cü ildə birtərəfli qaydada bağladığı iki ölkə arasında sərhədi açmağa hazırdır”.
Redaktor.az xəbər verir ki, bunu Yunanıstanın “Katimerini” qəzetinə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bu gün bu prosesdə uğur əldə etmək üçün bizə münasibətlərin normallaşması üçün konkret addımlar atmağa hazır olmaq və siyasi iradə lazımdır. Erməni tərəfi hər ikisini dəfələrlə nümayiş etdirib və Türkiyə tərəfdən də eyni şeyi gözləyirik”, - deyə o bildirib.
Yunanıstan-Türkiyə sərhədində getdikcə artan gərginlik və Kipr problemi ilə bağlı Ermənistanın mövqeyi ilə bağlı sualı cavablandıran Mirzoyan qeyd edib ki, hazırda Yunanıstan üçün ən həssas məsələlər var.
"Yunanıstanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyirik Ermənistan beynəlxalq hüquq normalarını, beynəlxalq dəniz hüququnu, eləcə də BMT Nizamnaməsini kobud şəkildə poza biləcək hər hansı hərəkət və addımı qəbuledilməz hesab edir”,- deyə o qeyd edib.
Kipr problemi kontekstində Ermənistan XİN rəhbəri bəyan edib ki, Dağlıq Qarabağ məsələsində olduğu kimi bu məsələdə də gücdən istifadənin nəticələrini həll yolu kimi təqdim etmək cəhdləri Ermənistan üçün qəbuledilməzdir.
“Ermənistan və Kipr həmişə ikitərəfli və çoxtərəfli platformalarda bir-birinə qarşılıqlı dəstək veriblər”, - deyə Mirzoyan əlavə edib.
Nərmin Vüqarqızı












