Fransada havanın hərarəti rekord həddə yüksəlib

 15:24 16.07.2022     781

Fransada iyul istiləri güclənməyə davam edir, ölkənin cənubundakı Nim və Beziers şəhərlərində havanın hərarəti rekord göstəriciyə çatıb.

Redaktor.az BFMTV telekanalına istinadla xəbər verir ki, iyulda bu şəhərlərdə temperatur ilk dəfə olaraq 40 dərəcəni keçib. Nim şəhərində havanın hərarəti üzrə öncəki iyul rekordu 38,8 dərəcənin qeydə alındığı 2019-cu ilə aiddir. Yüz illik müşahidələr dövrü ərzində şəhərdə havanın hərarəti iyul ayında ilk dəfə olaraq 40 dərəcəyə yüksəlib. Beziers şəhərində qeydə alınan 40,4 dərəcə isti isə kommunanın mütləq rekordudur. 2019-cu ildə burada ilk dəfə olaraq 39,7 dərəcə temperatur qeydə alınmışdı.

Eyni zamanda, Fransanın milli meteorologiya xidməti iyulun 18-də ölkənin müxtəlif bölgələrində istilərin pik həddinin gözlənildiyi barədə xəbərdarlıq edib.

Yerli hakimiyyət orqanları uzun sürən istilər və şiddətli quraqlıq səbəbindən yanğın əleyhinə tədbirləri gücləndirib. Belə ki, Nim bələdiyyəsi iyulun 14-də milli bayram münasibətilə təşkil olunan ənənəvi atəşfəşanlığı ləğv edib.

Hazırda Fransanın bir sıra bölgələrində meşə yanğınları tüğyan edir. Ölkənin cənub-qərbində yerləşən Jironda departamentində meşə yanğınlarının ümumi sahəsi 7,5 min hektara çatıb. Cənubdakı Buş-dyu-Ron departamentində yanğınla mübarizəyə minə yaxın yanğınsöndürən və bu sahədə ixtisaslaşan aviasiya cəlb olunub.

Qalın meşə massivləri, şiddətli isti və külək alovun söndürülməsinə maneçilik törədir. Jirondada və daha altı departamentdə yüksək temperaturla əlaqədar bir müddət əvvəl narıncı hava təhlükəsi səviyyəsi elan edilib.

Vumart və Güvən reklamı Vumart Güvən