“İsrail İrana qarşı əməliyyat hüququnu özündə saxlayır” - Baş nazir

 14:48 17.07.2022     183

İsrail İranın nüvə proqramı ilə bağlı razılaşmanın əleyhinədir və nüvə silahı hazırlaması ilə əlaqədar rəsmi Tehrana qarşı diplomatik və əməliyyat tədbirləri görmək hüququnu özündə saxlayır.

Redaktor.az xəbər verir ki, bunu yəhudi dövlətinin Baş naziri Yair Lapid hökumətin həftəlik iclasında deyib.

O qeyd edib ki, İsrailin bu mövqeyini iyulun 13-dən 15-dək yəhudi dövlətində səfərdə olan ABŞ prezidenti Cozef Baydenin diqqətinə çatdırıb:

“Səfər zamanı mən prezident Bayden və onun komandasına açıq şəkildə bildirdim ki, İsrail nüvə sazişinə qarşıdır və İranın nüvə proqramına qarşı tam diplomatik və əməliyyat azadlığı hüququnu özündə saxlayır”.

O, Baydenin İsrailə səfərini tarixi adlandırıb və vurğulayıb ki, Amerika prezidentinin gəlişi diplomatiya, təhlükəsizlik və iqtisadiyyat sahələrində nailiyyətlər gətirib ki, bu da İsrail dövlətini gələcək illər üçün gücləndirəcək.