Sergey Narışkin İrəvana gəldi

 17:02 18.07.2022     204

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Baş nazir qeyd edib ki, Narışkinin səfəri Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin gündəliyində duran məsələlərin müzakirəsi üçün daha bir yaxşı fürsətdir.

Nikol Paşinyan bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu vurğulayaraq, birgə səylər nəticəsində qarşılıqlı fəaliyyətin daha səmərəli və güclü olmasına əminliyini ifadə edib.

Sergey Narışkin qəbula görə təşəkkür edib, Ermənistan və Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verən yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu qeyd edib.

Həmsöhbətlər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Cənubi Qafqaz regionunda gedən proseslərə toxunulub.

Xatərladaq ki, ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ermənistana gəlmiş və baş nazir Nikol Paşinyan ilə görüşmüşdü. Tərəflər Cənubi Qafqazda baş verən proseslərə dair fikir mübadiləsi aparmışdılar.