Putin İran və Türkiyə prezidentləri ilə regional məsələləri müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehrana səfəri zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei, İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov İran Milli Radio və Televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, Putinin Tehrana səfərinin əsas məqsədi Astana üçlüyü sammitində iştirak etməkdir.
"Bundan başqa, prezidentimizin üç görüşü nəzərdə tutulub: prezident Rəisi və Ərdoğanla danışıqlar, İranın ali dini lideri Ayətullah Əli Xameyni ilə görüş. Ümid edirik ki, bu, çox əhatəli dialoq olacaq", - Kremlin sözçüsü deyib.
Onun sözlərinə görə, liderlər görüşlərdə ikitərəfli əlaqələri müzakirə edəcəklər.
“Həm İran, həm də Türkiyə ilə siyasi dialoqun davam etdirilməsi və ən aktual mövzular üzrə fikir mübadiləsinin aparılması üçün perspektivlər və bütün üsullar olacaq, çünki ətrafımızda o qədər qaynar nöqtələr var ki, onların həlli üçün bizim əməkdaşlığımız lazımdır”, - Peskov qeyd edib.
Nərmin Vüqarqızı