Tehranda Astana üçlüyünün sammiti keçirilir

 22:47 19.07.2022     133

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü keçirilir.

Redaktor.az bu barədə "Habertürk"ə istinadən xəbər verir.

Görüşdə çıxış edən İran Prezidenti İbrahim Rəisi deyib ki, Suriyada yeganə həll yolu diplomatiyadır. Hərbi müdaxilə problemi artırır.

Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, suriyalılar xarici müdaxilə olmadan öz müqəddəratlarını həll etməlidirlər.

"Ölkələrimiz Suriya torpaqlarında mövcud olan terror yuvalarını aradan qaldırmaq üçün səy göstərəcək. Suriyalı qaçqınlar üçün əlimizdən gələni etməliyik", - Putin qeyd edib.

Türkiyə lideri öz növbəsində vurğulayıb k, Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir:

"Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir. PKK, PYD, YPG terroru hamımızın ortaq problemidir. Mən inanıram ki, biz birlikdə bu məqsədlərə nail olacağıq. Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək".