İstanbulda taxılla bağlı dördtərəfli görüş keçiriləcək - KİV

İyulun 22-də İstanbulda Ukrayna taxılının təhlükəsiz daşınması ilə bağlı daha bir dördtərəfli görüş keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
“Bazar ertəsi Türkiyənin müdafiə naziri Hulusi Akar Qara dənizdən kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhlizin yaradılması və bu həftənin sonunda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndə heyətləri arasında müvafiq görüşün keçirilməsi ilə bağlı prinsipial razılaşmaların əldə edildiyini açıqlayıb”, - məlumatda bildirilib.
Türkiyənin müdafiə naziri həmçinin bildirib ki, görüşdə koordinasiya mərkəzinin yaradılması, gediş və gəliş limanlarında mülki gəmilərin birgə monitorinqi və kənd təsərrüfatı mallarının ixracı üçün marşrutların təmin edilməsi məsələləri müzakirə olunacaq.
İyulun 15-də Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov bildirib ki, iyulun 13-də Türkiyənin ev sahibliyi etdiyi taxılla bağlı iclasda iştirak edənlər əsasən Moskvanın təkliflərini dəstəkləyiblər və Qara Dəniz Təşəbbüsü ilə bağlı yekun sənədin hazırlanması istiqamətində işlərin yaxın gələcəkdə tamamlanacağını bildirib.
Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Tehranda keçirilən görüşdə dəhlizin yaradılması üzrə addımları müzakirə ediblər.
Qeyd edək ki, hələ ki mövzu ilə bağlı rəsmi təsdiq yoxdur.
Nərmin Vüqarqızı