Zelenski Tokayevə təşəkkür etdi - Rusiyanın işğalını tanımadığı üçün

 18:08 23.07.2022     170
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

Zelenskinin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı tərəflər ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.
Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib və Qazaxıstanın Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib.

Ukrayna Prezidentinin özünün "Twitter" hesabında bildirib ki, DXR və LXR separatçılarını tanımadıqları üçün Tokayevə təşəkkür edib.

Xatırladaq ki, iyunda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun müzakirəsi zamanı Qazaxıstan prezidenti LXR və DXR-in kvazi-dövlət olduğunu bildirib və Qazaxıstanın onları tanımayacağını qeyd edib.