Çavuşoğludan almaniyalı həmkarına sərt cavab - “Çünki istifadə edirsiniz” - VİDEO

 12:31 30.07.2022     238

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb, bundan sonra isə birgə mətbuat konfransı keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, görüşün sual-cavab hissəsində türkiyəli nazir “Gezi” parkı hadisələrinə də toxunaraq, Almaniyanın münasibətini tənqid edib və qiyamın təşkilatçısı Osman Kavaladan Türkiyəyə qarşı istifadə edildiyini bildirib.

“Türkiyə olaraq bu mövzuda ikiüzlülük olmadan qanun çərçivəsində nələrin edilməsi lazım olduğunu danışmağa hazırıq”, - deyə o bildirib.

Çavuşoğlu hər bir vətəndaşın daxili hüquq yolları tükəndikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququnun olduğunu deyib.

“Bu, Osman Kavalaya da aiddir. Onun üçün Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi azadlığa buraxılma qərarı Türkiyə olaraq icra edilib, lakin başqa cinayətlərə görə həbsi davam edir, əslində o, müxtəlif ittihamlara görə də cəza alıb”, - deyə nazir əlavə edib.

Çavuşoğlu Avropada Fransa, Norveç, Almaniya və Yunanıstanda AİHM-in bir çox qərarının icra olunmadığına diqqət çəkib və bildirib ki, AİHM Türkiyədə daxili hüquq müdafiə vasitələri tükənmədən qərar qəbul edərsə, bu, siyasi qərar olacaq.

“Bu qədər qərar icra olunmadığı halda, məsələn, Yunanıstandan gəlmisiniz, niyə bunları Yunanıstana xatırlatmırsınız, ancaq Osman Kavala məsələsini daim gündəmə gətirirsiniz? Çünki Osman Kavaladan Türkiyəyə qarşı istifadə edirsiniz, onu maliyyələşdirirsiniz. “Gezi” hadisələrini nə qədər maliyyələşdirdiyinizi və dəstək verdiyinizi bilirik. Ona görə də Osman Kavala məsələsini daim gündəmdə saxlayırsınız”, - deyə Çavuşoğlu sərt şəkildə bildirib.