Almaniya öz ordusunda olmayan silahların Ukraynaya tədarükünə başladı

 11:34 02.08.2022     183

“Ukraynaya verdiyimiz silahların bəziləri Almaniya Silahlı Qüvvələrinin (Bundesver) silah arsenalına daxil edilməyib”.

Redaktor.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Kanadanın “The Globe and Mail” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya bütün növ, o cümlədən yeni, hətta Bundesverə daxil olmayan silah və hərbi texnika tədarük edir.

Şolts qeyd edib ki, hazırda Almaniya Ukraynaya daha ağır və bahalı silahların tədarükünə başlayıb. Buraya özüyeriyən haubitsa, reaktiv yaylım atəş sistemi (RYAS), zenit raket kompleksi (ZRK), kontr-batareya radarları daxildir.

Kansler həmçinin bildirib ki, ukraynalılar Almaniyada yeni və daha mürəkkəb hərbi təlimlər keçir: “Biz Ukraynaya gələcəkdə də nə qədər lazımdırsa, o qədər yardım edəcəyik”.

O.Şolts sonda Almaniyanın Ukraynaya hərbi yardımı azaltması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Həmidə Rasimqızı