Blinken nüvə müharibəsinin anonsunu verdi: "ABŞ da bu silahdan istifadə edə bilər"

 15:05 02.08.2022     527

“Amerikanın strateji nüvə qüvvələri müvafiq döyüş başlıqlarına malik olan digər dövlətlərin qarşısını almalıdır”.

Redaktor.az "ZN.ua"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.

O, Nüvə Silahlarının Qarşısının Alınması üzrə Müqaviləyə üzv ölkələrin konfransında çıxış edib.

Çıxışı zamanı Blinken xəbərdarlıq edib ki, ABŞ da nüvə silahından istifadə edə bilər, ancaq fövqəladə hallarda.

“Birləşmiş Ştatlar nüvə silahından yalnız fövqəladə hallarda – ABŞ-ın, müttəfiqlərinin və tərəfdaşlarının həyati maraqlarını qorumaq məqsədilə istifadə etmək imkanını nəzərdən keçirib”, - deyə Blinken qeyd edib.

O vurğulayıb ki, ABŞ-ın strateji nüvə qüvvələrinin əsas vəzifəsi belə silahlara malik olan digər ölkələri nüvə zərbəsindən çəkindirməkdir.

Xatırladaq ki, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis hesab edir ki, Vladimir Putinin nüvə silahından istifadə etmə riski azdır və  kimyəvi silahdan istifadə ehtimalı barədə isə danışmağa dəyməz.

Bununla belə, ekspert Rusiya Federasiyasının kütləvi qırğın silahlarından istifadə etməsi ilə bağlı narahatlığı haqlı adlandırıb.

İLTİFAT