Hüseyn soyadlı müsəlmanların ardıcıl qətli Birləşmiş Ştatları silkələdi… - FOTO

 01:43 10.08.2022     329

ABŞ-ın müsəlman icması Nyu-Meksiko ştatında 4 din qardaşının ardarda qətlə yetirilməsindən təşvişə düşüb. Maraqlıdır ki, onlardan 3-ü Hüseyn soyadlıdır...

Redaktor.az xəbər verir ki, bu haqda "Vaşinqton-post" ("Washington Post") nəşri də "CNN" də məlumat yayıb. 

Albukerke şəhərindən olan Müslüm Aftab Hüseyn iyulun 26-da, Məhəmməd Əfzəl Hüseyn isə avqustun 1-də güllələnib. Cümə günü onların dəfn mərasimi İslam qanunlarına uyğun keçirilib və o mərasimə qatılmış yerli sakin Naim Hüseyn də həmin gün güllələnib.

Hüquq-mühafizə orqanları irqi və dini ortaq elementlərin olduğu Albukerke cinayətləri ilə əlaqəli olduğu güman edilən bir avtomobili tapmaqda əhalidən kömək istəyiblər. 

25 yaşlı Naim Hüseyn Pakistan əsilli müsəlman olub. Onun qətli keçən həftə öldürülən 27 yaşlı Məhəmməd Əfzəl Hüseyn və 41 yaşlı Aftab Hüseynin ölümündən sonra baş verib. Hər ikisi Pakistandan  və eyni məscidin üzvləri idi...
 
Nyu-Meksikoda son 9 ayda müsəlmanlarla bağlı ən birinci qətl hadisəsi noyabr ayında Əfqanıstandan olan müsəlman 62 yaşlı Məhəmməd Əhmədinin öldürülməsi ilə bağlı olub. 

Son doqquz ay ərzində baş vermis 4 qətlin hər biri zamanı müsəlman kişilər pusqudan açılan atəş nəticəsində həlak olub. Polis qətllərin əlaqəsi olub-olmadığını müəyyən etməyə çalışır və eyni avtomobilin - tünd boz və ya gümüşü rəngli dördqapılı "Volkswagen"in dörd qətldə də şübhəli bilindiyini bildirib. Rəsmilər insanların avtomobili tanımağa kömək edəcəyinə ümid edərək foto-şəkilləri yayıblar.

Qətllər Nyu-Meksikodan kənarda da qorxuya səbəb olub.

Nyu-Yorkdakı müsəlman icmasının lideri Debbi Almontaser "Tvitter" səhifəsində "Şübhəlinin azadlıqda olması dəhşət doğurur. Növbəti kimdir?!"- deyə yazıb.

Qubernator Mişel Lujan Qrişam bazar günü deyib: "Biz bu şəxsi və ya bu şəxsləri məsuliyyətə cəlb edəcəyik".

Prezident Co Bayden qətllərdən "qəzəbləndiyini və kədərləndiyini" və administrasiyasının "müsəlman icmasını güclü şəkildə dəstəklədiyini" söyləyib.

"Bu nifrət dolu hücumların Amerikada yeri yoxdur"- deyə Bayden bazar günkü "tvit"ində yazıb.