Ermənilərdən Türkiyəyə qarşı böyük təxribat - FOTO

 16:54 13.08.2022     329

Ermənistanın “5165” hərəkatının üzvü Karin Tonoyan Türkiyəyə məxsus olan Ağrı dağının zirvəsinə çıxıb. Bu barədə hərəkatın “Facebook” səhifəsində məlumat verilib.

Redaktor.az xəbər verir ki, hadisə “köhnə erməni təqvimi”nə görə, avqustun 11-də qeyd olunan yeni ildə baş verib.

Karin Tonoyan 44 günlük müharibədə ölən oğlunun hərbi geyimində zirvəyə qalxaraq orada Ermənistan bayrağını açıb. 

Qeyd edək ki, Ermənistan heç bir əsası olmadan Ağrı dağı ilə bağlı iddiadadır. Bu məqsədlə hətta öz gerbi və digər dövlət əhəmiyyətli rəmzlərində bu dağın təsvirini əks etdirib. Zaman-zaman isə bu ölkənin vətəndaşları dağa dırmaşaraq öz bayraqlarını sancmaqla provokativ hərəkətlərə yol verirlər.

Yeri gəlmişkən, Türkiyədə və dünyada alpinizm və turizm baxımından xüsusi əhəmiyyət kəsb edən Ağrı dağı altı il dırmanış üçün bağlı olub və 2021-ci ilin fevralında açılıb. Açılışdan sonra fürsət tapan kimi ermənilərin bu cür təxribatçı davranışları əslində açıq şəkildə Türkiyədən torpaq tələbidir. Deyəsən, ermənilərə yaşadıqları ərazi çox böyüklük edir. Xatırladaq ki, onlar 2010-cu ildə Ağrı dağına qondarma bayraq sancmışdılar. 44 günlük müharibə ilə onların Qarabağ iddiaları əbədi puç oldu. Unudurlar ki, hazırda yaşadıqları ərazilər tarixi Azərbaycan torpağıdır. Atdıqları təxribatçı addımlar onlara baha başa gələ bilər (oxu.az).