İran qəzetləri Salman Rüşdini öldürmək istəyən şəxsi tərifləyir

 22:42 13.08.2022     324

İran mətbuatı məşhur yazıçı Salman Rüşdiyə hücum edən şəxsi tərifləyib.

Redaktor.az xəbər verir ki, İran qəzetləri yazıçını bıçaqla ağır yaralayan Hadi Matarı cəsur adlandırılıb.

Baş redaktoru İranın ali dini lideri Əli Xameneyi tərəfindən təyin olunan “Kayhan” qəzeti yazır ki, Allahın düşməninin boynunu parçalayan adamın əli öpülməlidir. 

“Nyu-Yorkda mürtəd və şər Salman Rüşdiyə hücum edən cəsur və sədaqətli şəxsə min şükür...", - deyə qəzet qeyd edir.

Qeyd edək ki, yazıçının 1989-cu ildə qələmə aldığı "Şeytan ayələri" kitabı satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.

2019-cu ildə "Twitter" Rüşdiyə qarşı verdiyi fətvası ilə bağlı yazısına görə İran liderinin hesabını bloklayıb.

İranın "Asr" xəbər saytı hadisə ilə bağlı yazıb ki, Xomeyninin atdığı "ox bir gün hədəfə dəyəcək".

"Vatan Emrooz” qəzetinin manşetində “Salman Rüşdinin boynunda bıçaq” sərlövhəli məqalə dərc olunub. “Xorasan” qəzeti “Şeytan cəhənnəmə gedən yolda” başlığı ilə məqalə dərc edib.

 

NBC telekanlı New Yorkun hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib ki, hücumda şübhəli bilinən Kaliforniya əsilli Hadi Matar İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəğbət bəsləyir.