İranın ali dini lideri yerinə oğlunu hazırlayır?

 16:03 14.08.2022     291

İranın keçmiş prezidenti və bu ölkənin islahatçılarının lideri Məhəmməd Xatəmi mərkəzləşdirilmiş fərdi hakimiyyətlə xalqın məmnunluğu arasındakı əlaqəni şərh edib.

Redaktor.az xəbər verir ki, bu barədə BBC-nin fars bölməsi məlumat yayıb.

Xatəminin sözləri keçmiş baş nazir Mirhüseyn Musəvinin mübahisəli sözlərindən və onun “İranda rəhbərliyin irsi varisliyi ilə bağlı xəbərdarlığından” sonra diqqət çəkib.

Xatəmi “Teleqram”da dərc etdiyi kinayəli mesajda yazır: 

“İnsan qrup halında yaşayır, sonra mütəşəkkil gücə malik bir hakimiyyət meydana çıxır və sabitləşir. Əsas hakimiyyətin xalqa məxsus və xalqın nəzarəti altında olmasıdır, lakin mərkəzləşdirilmiş hakimiyyət və fərdi hökumətin mövcudluğu ölkədə demokratiya və azadlıq ruhuna ziddir”.

Adı çəkilməsə də, Xatəminin bu sözlərinin açıq-aşkar İranın dini rəhbəri Ali Xameneiyə mesaj olduğu deyilir.

Qeyd edilir ki, on ildən artıqdır ev dustaqlığında olan iranlı islahatçı siyasətçi Mirhüseyn Musəvinin tərəfdarlarına aid olan “Kələmə” saytı bir neçə gün bundan öncə onun İran da “Rəhbərliyin irsi varisliyi haqqında” adlı yeni məqaləsini dərc edib.

Həmin məqalədə keçmiş baş nazir Musəvi İran rəhbərinin oğlu Müctəba Xameneinin atası Əli Xamneinin ölümündən sonra rəhbər vəzifədə davam edəcəyini göstərən pıçıltılarla bağlı xəbərdarlıq edib.

Təsadüfi deyil ki, ortalıqda ayətullah Xameneinin oğlu Müctəba Xamneyini öz yerinə hazırladığına dair söz-söhbətlər dolaşır.

Qeyd edək ki, Xamenyinin ikinci oğlu Müctəbanın atasından sonra ölkəyə rəhbərlik etmək istədiyi, bu istiqamətdə bəzi işlər gördüyü hələ 2009 hadisələrindən sonra müxaliflər tərəfindən irəli sürülürdü.

Ali rəhbər olmaq üçün mərcəyi-təqlid (Böyük müctəhid) olmaq lazımdır. 1989-cu ildə Xamenei ayətullah idi, Xomeyninin istəyi ilə bir günə mərceyi-təqlid elan edilmişdi. Bu dini rütbələrə nail olmaq üçün risalələr yazmaq lazımdır. Müctəba Xamenei müctəhidlikdən tez bir vaxtda höccətül-İslam pilləsinə qaldırılıb. Höccətül-islam vəl-müslimin şiə iyerarxiyasında üçüncü məqamdır, ayətullah ikincidir. Xamenei Vilayəti-fəqihdir, oğlunu birbaşa mərceyi-təqlid etsə, kimsə əngəl ola bilməz...

İLTİFAT