İrəvanda dağıntılar altından 7 cəsəd çıxarıldı - YENİLƏNİB
Ermənistanın Daxili İşlər Nazirliyi dünən İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən partlayışda 23 nəfərin itkin düşdüyünü bildirib.
Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onların arasında Rusiyanın 1, İranın 6 vətəndaşı var.
Fövqəladə Hallar Nazirliyi isə ticarət mərkəzində partlayış nəticəsində itkin düşənlərin adlarını açıqlayıb. Məlumata görə, ermənilərlə yanaşı, partlayışda Lyuba Qribova (1959-cu il təvəllüd, Rusiya vətəndaşı), İran vətəndaşları Məryəm Fathi, Vanya Fathi (2016-cı il təvəllüd), Edris Fathi, (2002-ci il), Kiomars Fathi (1972-ci il), Monira Naderi, Mehri Tahuri itkin düşüblər.
***
İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib.
“Xilasedicilər dağıntılar altından daha bir cəsəd çıxarıblar. İndiyədək ölənlərin sayı yeddi nəfərə çatıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - Kostanyan deyib.
Məlumata görə, itkin düşənlərin sayı 21 nəfərə çatıb. Onların arasında beş İran vətəndaşı və Rusiya vətəndaşı olan bir qadın da var.
Qeyd edək ki, “Surmalu” ticarət mərkəzində bazar günü baş vermiş partlayış nəticəsində 61 nəfər xəsarət alıb.












