Evdən qaçan şagird müəlliminin evində gizləndi
ABŞ-da Florida ştatında orta məktəb müəllimi itkin düşən şagirdi bir neçə gün evdə gizlədib və nəticədə məhkəmə qarşısına çıxıb.
Redaktor.az milli.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Port Şarlott şəhərində yaşayan 31 yaşlı Kelli Simpson avqustun 12-də axtarışa verilən yeniyetmənin evində gizləndiyi məlum olduqdan sonra həbs edilib. Qohumlarından biri polisə uşağın müəllimin evində ola biləcəyini deyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Simpsonun evinə gələrək, oğlanı onun yanında tapıblar. Qadın azyaşlının himayəsinə müdaxilə ittihamı ilə dərhal həbs edilib. Şarlott dairəsinin şerif ofisinin məlumatına görə, müəllim uşağın axtarışda olduğunu bilə-bilə onu evində gizlədib.
Avqustun 17-də Simpson beş min dollar girov müqabilində sərbəst buraxılıb. İstintaq başa çatmamış qadının işlədiyi məktəb onu ödənişsiz məzuniyyətə göndərib. Yeniyetmənin hansı səbəbdən axtarıldığı barədə məlumat verilməyib.












