Böyük Britaniyanın yeni "dəmir ledisi kimdir?

 18:41 05.09.2022     214

Boris Consonun istefasından sonra Mühafizəkarlar Partiyasının lideri və ölkənin yeni Baş naziri bu gün açıqlanıb. 

Redaktor.az xəbər verir ki, 2 sentyabr tarixinə qədər Britaniyada onlayn və ya poçt vasitəsilə səsvermə seçirilib və Liz Trass qalib gələrək Baş nazir seçilib.

Keçmiş dövlət katibi və Mühafizəkarlar Partiyasının yeni lideri Liz Trass 1975-ci ildə Oksfordda anadan olub, evlidir və iki övladı var. O, 1983-cü ildə Şotlandiyanın Peysli şəhərindəki məktəbin teatrında tamaşa zamanı ölkənin qüdrətli baş naziri və Mühafizəkarlar Partiyasının lideri Marqaret Tetçer rolunu oynayıb.

Bundan sonra Marqaret Tetçer yeni baş nazirin idealına çevrilib.

Trass həm siyasi mövqeyinə, həm də "dəmir ledi" kimi tanınan Marqaret Tetçeri təqlid etməsinə görə tez-tez diqqət mərkəzində olub. Mühafizəkarlar Partiyasının liderliyi üçün keçirilən ilk debatda Trassın geyindiyi paltarla 1979-cu ildə Marqaret Tetçerin geyindiyi paltar arasındakı oxşarlıq diqqət çəkib. Bu vəziyyət Trassın Tetçeri kopyaladığı şərhlərinə səbəb olub.

Trass 2001 və 2005-ci il seçkilərində namizəd olsa da, parlamentə seçilməyib. Amma 2008-ci ildə o, Reform adlı sağ-mərkəz beyin mərkəzinin vitse-prezidenti vəzifəsində çalışıb.

Nəhayət, 2010-cu ildə parlamentə seçilən Trass Mühafizəkarlar Partiyasında azad bazar iqtisadiyyatının ən güclü müdafiəçilərindən biri kimi tanınıb.

Liz Trass 2012-ci ildə, deputat seçildikdən cəmi iki il sonra təhsil nazirinin müavini kimi işə başlayıb. 2016-cı ədliyyə naziri, 2019-da isə xarici işlər naziri olub.

O, baş nazir olacağı təqdirdə Ukraynanın "ən böyük dostu" olacağını və dərhal Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edəcəyini bildirib. Eyni zamanda, fevralın 24-də Rusiyanın başlatdığı müharibəni pisləyib və ona qarşı sanksiya tətbiq etmək üçün ölkələri səsləyib.

Xanım siyasətçi Ukraynaya daha çox silah və humanitar yardım göstərmək üçün müttəfiqlərlə çalışacağını bildirib.

"Baş nazir kimi mən Ukraynanın ən böyük dostu olacağam. Putinin Ukraynada uğursuzluğa düçar olmasını, strateji məğlubiyyətə uğramasını və Rusiyanın gələcəkdə məhdudlaşdırılmasını təmin etmək öhdəliyi götürəcəyəm",- o deyib (Modern.az).