Yunanıstan Türkiyəyə rəqib ola bilməz - Ərdoğan mesaj verdi

 10:40 06.09.2022     372

Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan Türkiyə ilə bərabərdir.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Fürsətdən istifadə edərək, son vaxtlar ölkəmizə qarşı təkəbbürünü gücləndirən Yunanıstan barədə bir daha xatırlatmaq istəyirəm. Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi münasibətlərdə bizimlə bərabərdir, ona görə də bizim rəqibimiz deyil”, - deyə Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Türkiyə liderinin sözlərinə görə, gələn həftə Özbəkistanda “Şanxay beşliyi”nin toplantısı keçiriləcək.

Ərdoğan qeyd edib ki, bu görüşdə Türkiyə nümayəndə heyəti Ankaranın Orta və Şərqi Asiyada hüquq və maraqlarının inkişaf etdirilməsi yollarını axtaracaq.

“Gələn həftə biz BMT Baş Assambleyasının iclasında iştirak edəcəyik, qlobal və regional gündəliyə dair mövqelərimizi bildirəcəyik, həmçinin çoxlu görüşlər və müzakirələr aparacağıq. Türkiyənin bölgədə və dünyada artan gücü, nüfuzu və məsuliyyəti bizə onu göstərir ki, daim üfüqlərimizi genişləndirməli, əlaqələrimizi şaxələndirməli və imkanlardan istifadə etməliyik. Bunun üçün siyasətdən tutmuş iqtisadiyyata qədər bütün sahələrdə hədəflərimizə möhkəm bağlı qalmalı və qlobal hadisələri öz xeyrimizə yönəltməliyik”, - deyə Ərdoğan bildirib.

Dövlət başçısının fikrincə, bu cür gərgin səylərin yeganə səbəbi Türkiyə və onun xalqı üçün indiki tarixi fürsətdən ən yüksək səviyyədə istifadə edilməsidir.

“Hər fürsətdə vurğuladığımız və təkrar etdiyimiz kimi, Türkiyə güclü olmalı və gücünü daim artırmalıdır. Əks halda, ölkəmizi fəlakətlərə sürükləmək istəyənlərə fürsət verəcəyik ki, bunun nümunələrini ətrafımızda dəfələrlə görmüşük”, – Ərdoğan əlavə edib.