Rusiyaya ağır zərbə - Bir gündə 2 təyyarə, 2 helikopter, 5 PUA MƏHV EDİLDİ

Ukrayna xalqının rus hərbi istilasına qəhrəmancasına müqavimətinin 197-ci günü davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün yaydığı açıqlamada deyilir.
Bildirilib ki, Rusiya qüvvələri Donetsk rayonunun ərazisinə tam nəzarətin yaradılmasına, Xerson rayonunun, Xarkovun bir hissəsi, Zaporoyje və Mikolayev rayonunun saxlanılmasına səylərini yönəltməyə davam edir.
Məlumata görə, düşmən son 24 saat ərzində Ukrayna ərazisindəki obyektlərə 10-dan çox raket və 22 hava zərbəsi endirib.
"Ukrayna ərazisinə hava məkanından və Belarus Respublikasının ərazisindən raket və hava hücumu təhlükəsi hələ də var.
Düşmən digər istiqamətlərdə hərbi və mülki obyektlərə hücumunu davam etdirib".
Baş Qərargah bildirib ki, düşmən qoşunları itki verməkdə davam edir.
"Zaporoyje rayonunun Solodkovodne kəndi ərazisində yerləşən düşmənin şəxsi heyət və hərbi texnikasının konsentrasiyasına atəş təsiri nəticəsində düşmən əhəmiyyətli zərər çəkib, itkilər, say dəqiqləşdirilir.
Müdafiə Qüvvələrinin bölmələri mövqelərini tutur və düşmənin irəliləməsinin qarşısını alır. Əsgərlərimiz Kostyantynivka, Dibrivne, Zaitseve, Mayorsk, Mixaylovka Druha, Pervomaiske və Kamyanka ərazilərində düşmən hücumlarını uğurla dəf ediblər.
Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində quru qruplaşmalarının hərəkətlərinə dəstək məqsədilə düşmənin canlı qüvvəsinin və texnikasının dayanacaqlarına və cəmləşmə yerlərinə 30-dan çox zərbə endirib. Ukrayna hava müdafiə bölmələri müxtəlif istiqamətlərdə iki Su-25 təyyarəsini, iki helikopterini (Ka-52 və Mi-24) və beş PUA-sını məhv edib", - deyə məlumatda bildirilir.
Turan ASLAN