"ASAN" xaricdəki soydaşlarımıza da xidmət göstərəcək

 14:27 08.09.2022     224

Türkiyənin Samsun şəhərində keçirilən Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində “ASAN xidmət” olaraq iştirak etdik. Fürsətdən istifadə edib, həm də ölkə rəhbərinin tapşırığına uyğun olaraq Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərdik.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentlik sədri qeyd edib ki, məqsəd Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına dövlət xidmətlərini çatdırmaq idi:

"Kifayət qədər uğurlu alındı. Çünki Türkiyədə uzun illər yaşayan azərbaycanlılar var ki, onlar müxtəlif sənədlərin dəyişdirilməsi üçün ölkəyə qayıtmalı idilər, müəyyən xərc və vaxt itirməli idilər. Lakin biz Səyyar ASAN xidmət avtobusu vasitəsilə onların dövlət xidmətlərinə əlçatanlığını təmin etdik".

“Gələcəkdə digər xarici ölkələrə yaşayan azərbaycanlılara da bu cür xidmət göstərmək niyyətindəyik. Hələ ki, əldə etdiyimiz təcrübəni təhlil edirik. Bu, bir az genişmiqyaslı tədbirdir. Ona görə də hazırlayıb layihə formasında həyata keçirəcəyik”, - deyə Ü.Mehdiyev qeyd edib.