İŞİD rəhbərlərindən biri ƏLƏ KEÇDİ

 00:22 09.09.2022     3509

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terror təşkilatının ən mühüm yüksək səviyyəli idarəçisinin saxlanıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, gizli adı “Əbu Zeyd/Ustad Zeyd” olan terrorçu Bəşər Xəttab Qəzal əl-Sumaidainin Türkiyədə təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı bildirilib.

Prezident Ərdoğan Balkan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi müsahibədə Təhlükəsizlik Baş İdarəsi, İstanbul Polis İdarəsi və MİT Rəyasət Heyətinin İŞİD-ə qarşı əməliyyat həyata keçirdiyini deyib.

Bu terrorçunun İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi və onun sonrakı lideri Abdullah Qaradaşın öldürülməsindən sonra təşkilatın ən mühüm yüksək səviyyəli rəhbərlərindən biri olduğuna diqqət çəkib.

“Bu terrorçunun Suriya və İstanbuldakı əlaqələri uzun müddətdir izlənilib və onun Türkiyəyə qeyri-qanuni yollarla daxil olacağına dair kəşfiyyat məlumatları əldə edilib. İstanbul təhlükəsizlik bölmələri terrorçunun saxta şəxsiyyət vəsiqəsindən istifadə etdiyini və gizləndiyini müəyyən edib.

Prezident Ərdoğan, yaxalanan İŞİD terrorçusunun Milli Kəşfiyyat Təşkilatı və İstanbul Polis İdarəsinin sorğusundan sonra İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə ədliyyə orqanlarına təhvil verildiyini bildirdi.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2022-ci il iyulun 11-də dərc edilmiş 30-cu Hesabatında da ələ keçirilən İŞİD əməliyyatçısı Bəşər Xəttab Qəzal Əl Sumaidainin terror təşkilatının idarə olunmasında iştirak etdiyi qeyd edilib.