Rusların Ukraynada öldürdüyü uşaqların sayı 383-ə çatdı

 10:59 10.09.2022     344

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədə 383 uşaq öldürülüb, 746 nəfəri yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram”da məlumat yayıb.

"2022-ci il sentyabrın 10-da səhər saatlarına olan məlumata əsasən, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1129-dan çox uşaq zərər çəkib. Yetkinlik yaşına çatmayanlarla iş üzrə prokurorların rəsmi məlumatına görə, bu dövrdə 383 uşaq ölüb, 746-dan çox uşaq yaralanıb”, - hesabatda deyilir.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.