İspaniya öz ərazisində Ukrayna hərbçilərinə təlim keçəcək

 18:17 10.09.2022     353

İspaniya tezliklə öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə başlayacaq.

Redaktor.az “El Mundo” qəzetinə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssislər ukraynalı əsgərlərə tanklardan və raket sistemlərindən istifadə etməyi öyrətməyə, həmçinin tibbi və istehkamçılıq üzrə təlimlər keçməyə hazırlaşır. Təlimin əsas hissəsi İspaniya Müdafiə Nazirliyinin Saraqosa əyalətində yerləşən bazalarında keçiriləcək. Bundan öncə döyüşlərdə yaralanan 600-ə yaxın ukraynalı əsgər də orada müalicə almışdı.

İspaniya Əfqanıstan, İraq və ya Malinin silahlı qüvvələrinin hazırlanmasında böyük təcrübəyə malik olsa da, bu cür təlimlər ilk dəfə olaraq krallıq ərazisində baş tutacaq.

Qeyd edək ki, İspaniya tərəfindən Kiyevə vəd edilən silahlar artıq Ukraynaya gəlməyə başlayıb. Belə ki, 20 ədəd M113 zirehli transportyoru, “Aspide” raket batareyası və tonlarla artilleriya mərmisi digər təchizatla birlikdə artıq Polşaya çatdırılıb.