Ukrayna ordusu bəzi yerlərdə Rusiya sərhədinə ÇATIB

Cəbhənin Xarkov vilayətindəki bəzi hissələrində Ukrayna döyüşçüləri Rusiya ilə dövlət sərhədinə çatıblar.
Redaktor.az xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi idarəsinin rəhbəri Oleq Sinegubov Telegram-da bildirib.
"Hərbçilərimiz Xarkov vilayətinin rus işğalçılarından azad edilməsi əməliyyatını davam etdirir. Düşmən mövqelərini tələsik tərk edərək əvvəllər işğal olunmuş ərazilərin dərinliklərinə və ya dərhal Rusiya Federasiyası ərazisinə doğru qaçır", - o yazıb.
Sinegubovun sözlərinə görə, ruslar Velikiy Burluk yaşayış məntəqəsini və Kupyanski rayonunu tərk ediblər.
"Cəbhənin bəzi bölmələrində müdafiəçilərimiz Rusiya Federasiyası ilə dövlət sərhədinə çatıblar", - vilayət hərbi idarəsinin rəhbəri qeyd edib.
Oleq Sinegubovun dediyinə görə, 11 sentyabr 2022-ci il tarixinə Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 40-a yaxın yaşayış məntəqəsini düşməndən azad edib.