Kraliça Elizabetin ölümündən sonra Yeni Zelandiya da müstəqil olmaq istəyir

 22:20 12.09.2022     159

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern II Elizabetin ölümündən sonra rəhbərlik dəyişikliyi ilə bağlı ilk qiymətləndirməsini edib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, respublika quruluşuna keçidlə bağlı müzakirələrin illərdir davam etdiyinə diqqət çəkən Ardern administrasiyası dəyişikliyinin “hökumətin son vaxtlar gündəmində olmadığını” bildirib və qeyd edib ki, bu mövzu “təcili” deyil.

II Elizabetin ölümündən sonra ölkədə respublika ilə bağlı müzakirələrin geniş vüsət alması fonunda Ardern vurğulayıb ki, rəhbərlik dəyişikliyini və kraliçanın ölümünü bir-biri ilə əlaqəli hadisələr hesab etmir.

Digər tərəfdən, daha əvvəl dəfələrlə idarəçilik dəyişikliyinə dəstəyini ifadə edən Ardern bildirib:

“Yeni Zelandiyanın zamanla çatacağı səviyyənin respublika olacağına inanıram. İnanıram ki, bu, mənim yaşadığım müddətdə baş verəcək”.

Xatırladaq ki, Böyük Britaniyadan başqa, II Elizabet həm də Kanada, Avstraliya, Yeni Zelandiya, Yamayka, Papua-Yeni Qvineya da daxil olmaqla bir sıra irili-xırdalı ölkələrin kraliçası olub.

Elizabetin ölümündən sonra Avstraliyada və Karib dənizindəki Antiqua və Barbuda adasında monarxiyanı respublikaya çevirmək barədə müzakirələr gündəmə gəlib.

Antiqua və Barbuda Baş naziri Qaston Braun bu məsələ ilə bağlı üç il ərzində referendum keçiriləcəyini bəyan edib.

Avstraliyada Yaşıllar Partiyasının lideri Adam Bandt kraliçanın ölümündən sonra verdiyi başsağlığı “tweet”ində Avstraliyanın irəli getməli və respublikaya keçid etməli olduğunu vurğulayıb.