Dünyada köləlik sürətlə artır - HESABAT

 22:52 12.09.2022     350

BMT-nin Beynəlxalq Əmək Təşkilatı (BƏT) müasir köləliklə bağlı hesabat açıqlayıb.

Redaktor.az xəbər verir ki, hesabatda müasir köləliyin artdığı bildirilib.

Araşdırmada qeyd olunub ki, şəxsi iradəsi və razılığı olmadan işləməyə məcbur edilən, eləcə də evlənənlərin sayı son illərdə 50 milyona yaxın artıb.

COVID-19 pandemiyası, silahlı münaqişə və iqlim dəyişikliyi kimi böhranlar məşğulluq və təhsildə ciddi fasilələr yaradıb, ifrat yoxsulluğu və məcburi miqrasiyanı daha da gücləndirib. 2016-cı illə müqayisədə müasir köləlikdən əziyyət çəkən insanların sayı təxminən 9,3 milyon nəfər artıb.

Son məlumatlara görə, 2021-ci ildə 27,6 milyon insan müasir köləliyin təsirinə məruz qalıb, bunun 3,3 milyondan çoxu uşaq əməyinin, 22 milyon nəfər isə məcburi nikahın payına düşür.

BƏT müəyyən edib ki, bütün məcburi əmək hallarının yarıdan çoxu orta gəlirli və ya yüksək gəlirli ölkələrdə qeydə alınıb.

Hesabatda noyabrda keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində miqrant işçilərin əmək hüquqlarının pozulması ilə bağlı ciddi ittihamlarla üzləşən Qətərin adı xüsusi vurğulanıb. Lakin 2018-ci ilin aprelində paytaxt Dohada BƏT-in ofisinin açılışından sonra ölkədə yüz minlərlə işçi miqrantın yaşayış və iş şəraitində “əhəmiyyətli irəliləyişlər” baş verib.

Bundan əlavə, hesabatda Çinin bəzi bölgələrində məcburi əməklə bağlı narahatedici məqamlara diqqət ayrılıb (modern.az).