"Azərbaycan bizim respublikanın ərazi bütövlüyünü tanıyarsa..." - Paşinyan

 21:04 14.09.2022     1410

Əgər Azərbaycan öz sərhədinin dayandığı yerdə olması ilə öyünmək prinsipini rəhbər tutsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaq. Əgər azərbaycanlılar keçmiş sovet sərhədlərində dayansalar, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. 

Redaktor.az  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada keçirilən hökumət saatında deyib.

"Azərbaycan deyir ki, ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyaq. Deyirik ki, bununla razıyıq, tanıyırıq, amma gözləyin, məsələn, Yuxarı Şorjada zəbt etdiyiniz ərazilər və s., onlar kimin ərazi bütövlüyündə yerləşir? Əgər Azərbaycan deyirsə ki, bura onun ərazisidir, deməli, biz onun ərazi bütövlüyünü tanımırıq, çünki bura bizim ərazimizdir, mübahisəli ərazi deyil.

Əgər Azərbaycan, məsələn, işğal etdiyi əraziləri Azərbaycanın ərazisi hesab edirsə, o zaman biz Azərbaycanın ərazi bütövlüyünü tanımırıq. Dedik ki, biz bu şərtlə razıyıq, əgər biz [ərazi bütövlüyünü] qarşılıqlı olaraq tanıyırıqsa, onda edəcəyik. Və bu gün də bəyan edirəm ki, biz hazırıq. Ancaq Azərbaycan lovğalanmaq prinsipini rəhbər tutsa ki, "sərhədim dayandığım yerdədir”, o zaman biz Azərbaycanın ərazi bütövlüyünü tanımayacağıq. Əgər onlar gəlib Sovet İttifaqının qanuni sərhədi olan sərhədində dayansalar, biz onun ərazi bütövlüyünü tanıyacağıq, etməsələr, tanımayacağıq”, - Paşinyan bildirib.

O əlavə edib ki, burada hərbi balans, kimin neçə silahı var, kimin neçə müttəfiqi var, kimin müttəfiqi yaxşıdır, kimin müttəfiqi pisdir, fərqi yoxdur. Paşinyan əmin edib ki, bu, dəyişməyəcək siyasi mövqedir.

"Dediyim mövqeyə əsasən, biz sülh sazişi imzalamağa, demarkasiya, delimitasiya aparmağa hazırıq. Amma Azərbaycan harasa təcavüz edib ərazi bütövlüyünün tanınmasından danışırsa, bu əsasda biz onun ərazi bütövlüyünü tanımırıq, çünki faktiki olaraq onlar bizim ərazi bütövlüyümüzü tanımır”, - deyə Paşinyan bildirib.

Daha sonra Paşinyan vurğulayıb ki, Ermənistan Sovet Sosialist Respublikasının müəyyən ərazisi var, əgər Azərbaycan bu ərazinin, bizim respublikanın ərazi bütövlüyünü tanıyarsa, mən bu gün bu əsasda razılığa gəlməyə razıyam”.