Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalının açılışı olub - FOTO

 16:00 15.09.2022     149

Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalının təntənəli açılış mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, 1968-ci ildən keçirilən beynəlxalq festivalı ötən il Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yenidən bərpa olunub. Kinofestivalda Azərbaycan da geniş təmsil olunur.  

Kinofestivalda dünyanın 35 ölkəsindən gələn 300-dən artıq kinematoqrafçı, rejissorlar, tanınmış artistlər, kino sahəsinin mütəxəssisləri iştirak edirlər.

İlk öncə iştirakçılar, festivalın fəxri qonaqları qırmızı xalıdan keçərək, mətbuatla görüşüblər.

Tədbirin əvvəlində Özbəkistan Prezidentinin müşaviri Adil Abduraxmanov dövlət başçısı Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrikini oxuyub.

Ölkəmizi bu kino bayramında “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev, rejissor və kinoşünas Ayaz Salayev, rejissor və prodüserlər Oleq Səfərəliyev, Asif Rüstəmov, İlqar Nəcəf, Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova və jurnalistlər təmsil edir.

Festivalda Azərbaycanı Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdiriləcək.

Açılış mərasimində bildirilib ki, kinofestival çərçivəsində dünyanın müxtəlif ölkələrinin 150 bədii və sənədli filmləri nümayiş etdiriləcək. Daşkənddə və Özbəkistanın regionlarında 100-dən çox yaradıcılıq tədbirlərinin, disput və görüşlərin  keçirilməsi nəzərdə tutulur. Qeyd edilib ki, Daşkənddəki Kinematoqrafiya evində 1500-dən artıq gənc kinematoqrafçıları birləşdirən kinoklaster yaradılıb və gənc oğlanlar və qızlar bu istiqamətdə biliklərə yiyələnirlər.

“İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kinosu günlərinin açılışı da keçiriləcək.

2222