Qırğızıstan-Tacikistan sərhədində şiddətli döyüşlər gedir - VİDEO - YENİLƏNİB

 12:00 16.09.2022     549

Qırğızıstan-Tacikistan sərhədinin müxtəlif istiqamətlərində şiddətli döyüşlər davam edir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Sosial şəbəkələrdə isə aparılan döyüş əməliyyatlarından müxtəlif videogörüntülər yayılıb:

 

Məlumatda Tacikistan tərəfinin ağır hərbi texnikadan istifadə etdiyi bildirilir.

“Tacikistan tərəfi tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları və minaatanlardan istifadə edir”, - Qırğızıstan Sərhəd Xidmətinin məlumatında qeyd olunur.

Yayılan son xəbərlərə görə, Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində dörd qırğız sərhədçisi yaralanıb.

Artıq Qırğızıstanın Tacikistanla həmsərhəd kəndlərində yaşayan sakinlərinin təxliyəsinə başlanılıb.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində gərginlik sentyabrın 14-dən başlayıb.

***

Qırğızıstan və Tacikistan arasında əldə olunmuş atəşkəs barədə razılaşma yenidən pozulub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, atəşkəsi Tacikistan tərəfinin pozduğu bildirilir.

Məlumata görə, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında yenidən başlayıb. Qırğızıstan sərhəd agentliyinin məlumatına görə, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin direktoru Ularbek Şarşeyevlə Tacikistan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının komandanı Rajabali Rahmonali arasında telefon danışığı olub.

"Danışıqlar zamanı sərhəd idarələrinin rəhbərləri saat 10:00-dan (Moskva vaxtı ilə 7:00 - red.) atəşkəs barədə razılığa gəliblər. Ancaq Tacikistan tərəfi Qırğızıstan mövqelərini atəşə tutmaqda davam edir", - deyə Qırğızıstandan verilən məlumatda bildirilib.

Tacikistan da öz növbəsində qırğız sərhədçilərini sərhəd zastavasını yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edib. Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, bir tacik sərhədçisi həlak olub, 3-ü yaralanıb.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, Tacikistanla sərhəddəki münaqişədə Qırğızıstanın qurbanlarının sayı 18 nəfərə çatıb.