Qırğızıstan-Tacikistan sərhədində ağır toqquşma - çox sayda ölən və yaralananlar var

 08:58 18.09.2022     786

Tacikistan-Qırğızıstan dövlət sərhədində vəziyyət ağır olaraq qalır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzinin yaydığı məlumatda deyilir.

Həmçinin bildirilib ki, Qırğızıstan sərhədçiləri razılaşmalardan yan keçərək Lyaxş bölgəsini iki dəfə atəşə tutublar.

“Qırğızıstan Silahlı Qüvvələri elan edilmiş atəşkəs rejiminin şərtlərinə və tələblərinə məhəl qoymayaraq sentyabrın 17-də “Qrad” markalı hərbi texnikanın Djonoloi rayonu istiqamətindən atəş açıb", - Mərkəzdən bildirilir.

Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti isə bildirib, Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı yaralananların sayı 129 nəfər təşkil edib.

Bildirilir ki, 7 nəfər ambulator müalicəyə göndərilib.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatında isə toqquşma zamanı 37 Qırğızıstan vətəndaşının həlak olduğu bildirilir.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Batken və Leylek bölgələrində toqquşmalar olub. Məlumata görə, Tacikistan Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşınları, minaatanlardan, eləcə də çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.

Şənbə günü Tacikistan və Qırğızıstan bir-birini atəşkəsi pozmaqda ittiham edib. Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, silahlı toqquşmalar nəticəsində 24 nəfər həlak olub. Respublikanın Fövqəladə Hallar Nazirliyi 136 mindən çox vətəndaşın münaqişə zonasından təxliyə edildiyini bildirib.