Gürcüstanda əhalinin sayı azalır

 21:59 18.09.2022     151

Gürcüstanda əhalinin sayında azalma qeydə alınıb. 2022-ci ilin birinci yarısında ölkədə ölüm sayı, yeni doğulanların sayından çox olub.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında qeyd olunub.

Bildirilir ki, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 20 min 195 uşaq doğulub. Ölənlərin sayı isə 26 min 681 nəfər təşkil edib. Bu da yeni doğulanların sayından 6 min 486 fakt çoxdur.

Son illər ərzində ilk dəfədir ki, əhali arasında ölüm faktı doğum sayını üstələyib.

Pandemiya dövründə ölüm faktı 5,1 faiz artıb. Doğum sayı isə azalıb. 2021-ci ildə yeni doğulan körpələrin sayı 13 min 960 nəfər təşkil edib.

BMT-nin hesablamalarına görə, 2050-ci ildə Gürcüstan əhalisi 11,8 faiz azalacaq.

İnsanların ölüm sayının artımına görə, Gürcüstan dünyada ilk 20 ölkə arasında 16-cı yerdədir.

Qeyd edək ki, Gürcüstanda sonuncu dəfə əhalinin siyahıya alınması 2014-cü ildə həyata keçirilib. Həmin ilin statistikasına görə, Gürcüstanda əhalinin sayı 3 milyon 713 min 804 nəfər təşkil edib.

Növbəti siyahıya alınma 2024-cü ildə aparılacaq (Azərtac).