"Xahiş edirəm məni də "xarici agentlər" sırasına qəbul edəsiniz" - Alla Puqaçova

 01:00 19.09.2022     170

Məşhur sovet və Rusiya müğənnisi Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyinə müraciət edərək, onu "xarici agentlər" sırasına qəbul etməyi xahiş edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün "İnstagram" səhifəsində yazıb.

Primadonna bəyan edib ki, öz ölkəsinə "dinc həyat, söz azadlığı" və "xəyali məqsədlər uğrunda" insanların həlak olmasının dayandırılmasını arzulayan "vicdanlı, ləyaqətli və əsl insan, Rusiyanın əsl vətənpərvəri olan əri Maksim Qalkinlə həmrəydir.

Beləliklə, Puqaçova ilk dəfə olaraq Rusiyanın Ukraynaya hərbi müdaxiləsi haqqında açıq şəkildə və ucadan fikir bildirib.

Xatırladaq ki, sentyabrın 16-da Rusiya Ədliyyə Nazirliyi rusiyalı şoumen, yumor ustası və teleaparıcı Maksim Qalkini "xarici agentlər" fiziki şəxslərin sıyahısına salıb.

Səbəb kimi onun Ukrayna tərəfindən xaricdən maliyyələşməsi göstərilib. 

Nazirliyin versiyasına görə, teleaparıcı siyasi fəaliyyətlə məşğuldur.

Maksim Qalkin bu qərarı şərh edərkən bəyan edib ki, on il ərzində Ukraynada qastrol səfərlərindən bir qəpik də pul almayıb.

O, xatırladıb ki, 28 ildir ki, siyasi fəaliyyətlə deyil, siyasi satira janrı ilə məşğuldur.

"Mən öz fikrimi və düşüncələrimi satmıram, yadlardan da almıram. Mən vicdanımla alver etmirəm", - Qalkin bəyan edib.