II Elizabet dəfn olundu - YENİLƏNİB - VİDEO

 20:53 19.09.2022     968

Böyük Britaniya Kraliçası II Elizabetin meyiti olan tabut Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Corc ibadətgahındakı kral məzarına endirilib. 

Redaktor.az xəbər verir ki, mərhumun ailə üzvlərinin, kral sarayının keçmiş və indiki əməkdaşlarının, Böyük Britaniyanın Baş naziri Liz Trassın, Böyük Britaniyanın baş qubernatorlarının iştirak etdiyi anım mərasimi Kanterberi arxiyepiskopunun – İngiltərə kilsəsinin dini rəhbəri Castin Uelbinin duası ilə başa çatıb. 

II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbirlər Böyük Britaniya himninin oxunması ilə başa çatıb.

Bundan sonra Kral III Çarlz və kral ailəsinin üzvləri ibadətgahı tərk edərək Vindzor qəsrinə yollanıblar.

Axşam saatlarında Müqəddəs Corc ibadətgahında yalnız hakim sülalənin nümayəndələrinin iştirakı ilə bağlı qapılar arxasında baş tutacaq özəl mərasim keçiriləcək.

***

Britaniya kraliçası II Elizabetin nəşi Vestminster Zalından çıxarılaraq Parlament Meydanından keçəcək və Vestminster Abbatlığına aparılacaq.

Redaktor.az xəbər verir ki, təntənəli yürüş abbatlığın qərb qapısına çatacaq, burada tabutu daşıyanlar onu içəri aparacaqlar.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq anım mərasimindən sonra abbatlıqda və bütün ölkədə iki dəqiqəlik sükut elan ediləcək.

Bundan sonra dövlət himni səsləndiriləcək.

Bakı vaxtı ilə saat 15:15-də Kral III Çarlz və Kraliça-konsort Kamilla, Uels Hersoqu və Hersoginyası Uilyam və Keyt Middlton və kral ailəsinin digər üzvləri tabutu izləmək üçün yürüşə qoşulacaqlar.

Bakı vaxtı ilə saat 22:30-da kraliça II Elizabet əri, Edinburq hersoqu Filipp və bacısı şahzadə Marqaretin də uyuduğu Vindzor sarayında dəfn ediləcək.