İranda hicaba görə saxlanılan qızın ölümü etirazlara səbəb oldu

 19:14 19.09.2022     132

İranda hicabı düzgün taxmadığına görə saxlanılan 22 yaşlı qızın polis bölməsində vəfat etməsi etirazlara səbəb olub.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, polis etirazları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

22 yaşlı Mahsa Amini keçən həftə Tehranda əxlaq polisi tərəfindən saxlanılıb. Gənc qız bölməyə aparıldıqdan sonra komaya düşüb və orada dünyasını dəyişib. Polis qızın ürək problemindən keçindiyini bildirsə də, yaxınları onun tamamilə sağlam olduğunu qeyd edib. İran polisi gənc qadının ölümünü "bədbəxt hadisə" adlandırıb.

Mahsa Amininin atası "Emtedad" xəbər saytına açıqlamasında övladının ayaqlarında xəsarətlər olduğunu və onun ölümünə görə polisin məsuliyyət daşıdığını bildirib. Tehran polisinin komandiri Hüseyn Rəhimi deyib ki, İran polisinə qarşı "qorxaqcasına ittihamlar" səsləndirilib. O, Amininin fiziki zərər görmədiyi və polisin onun sağ qalması üçün hər şeyi etdiyini söyləyib.

Məlum hadisə ölkə miqyasında etirazlara səbəb olub, farsca "#MahsaAmini" həştəqi ilə "Twitter"də 2 milyona yaxın paylaşım edilib. İranın Kürdüstan vilayətində gərgin nümayişlər keçirilib.